Çərkəzlər niyə daha balıq yemir? | Real və kədərli tarixçə

  Çərkəzlər niyə daha balıq yemir?  | Real və kədərli tarixçə
  18 İyun 2023    Oxunub:2957
Bütün həyatını acı reallıqların ifşasına, konservləşmiş rutinlərin və anlamı belə bəlli olmayan stereotiplərin qırılmasına sərf edən alman filosofunun bəşəriyyətin bütün dövrlərində öz aktuallığını qoruyan bir ifadəsi var :“Yaxşı insan olduğun üçün hamının sənlə ədalətli davranacağını gözləmək vegeterian olduğun üçün öküzün sənə hücum etməyəcəyini düşünmək kimi bir şeydir ". Nədənsə bu “öküz” tarix boyu bütün vegeterianlara hücum etdi... Və dünyanın elə bir nöqtəsi qalmadı ki, orada çar və yaxud sovet rejiminin zülmü əzablara çevrilməsin...
***
Müxtəlif xalqlar müəyyən səbəblərə görə hansısa qidadan yeməyi imtina edirlər. Bu ən çox dini baxışlara görə olur. Məsələn, müsəlman xalqları donuz, hind xalqı da inək ətini yemir. Qafqazın həqiqi və qədim sakinlərindən biri olan çərkəzlərin balıq yeməməsi isə çox dəhşətli bir tarixi hadisə ilə bağlıdır. Ruslar Şimali Qafqazı işğal edəndə, təkcə çeçenlər deyil, çərkəzlər də müqavimət göstərmişdilər. Amma onların soyqırıma bənzəyən bir deportasiyaya məruz qalmalarına səbəb bu müqavimət deyildi. Çünki deportasiya edilən nə ilk, nə də son xalq idilər. Deportasiya həyata keçirilərkən bilərəkdən havanın, ərazinin və daşınma şəraitinin ən uyğunsuz dönəmini seçirdilər. Çərkəzlər və abxazlar üçün də belə "ən namünasib vaxt" olaraq 1864 -cü il uyğun hesab edildi. Sürgün ediləcək insan sayı təxminən 1,5 milyon idi. Qara dəniz sahillərindən minlərlə insan səyahət üçün heç bir şəraiti olmayan gəmilərə yığılaraq Osmanlının ən əverişsiz bölgələrinə göndərilməya başlanıldı.

Antisanitariya şəraiti bir çox yoluxucu xəstəliklərin yaranıb sürətlə yayılmasına səbəb oldu. Üstəlik bilərəkdən buna qarşı heç bir tədbir görülmürdü. Aclıq və susuzluq durmadan ölənlərin sayını artırırdı.Rejimin qəddar icraçıları nəinki həyatını itirənləri, həmçinin xəstəlik əlamətləri müşahidə etdikləri adamları da dənizə atırdılar. Bu “köç” zamanı 400 min, bəzi mənbələrin iddialarına görə isə 600 min günahsız dinc sakin həyatını itirir. Əlverişsiz ərazilərə yerləşdirilən sakinlər arasında da mühitə uyğunlaşa bilməyənlər vəfat edirlər.

***
Balıqlar əksər dünya mətbəxində ən yaxşı və ləziz qida hesab olunur. Amma çərkəzlər bəlkə də yeganə xalqdılar ki, bu qidadan imtina etdilər. Hesab edirdilər ki, balıqlar onların dənizə atılan yaxınlarını yeyiblər.

Bugünki gündə çərkəzləri bu fikrə görə qınaya bilərikmi? Əsla! Elə olaylar var ki, sözlə ifadə etmək olmur, onu yalnız yaşayan bilər.

Ləman Bağdad
AzVision.az


Teqlər: Çərkəzlər  



Xəbər lenti